Previous Next

Azərbaycanın daim qardaş Türkiyənin yanında olacağını bütün dünya gördü

Fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələdən dərhal sonra qardaş ölkəyə dərhal dəstək olan ilk Azərbaycan oldu. Həmin gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon vasitəsilə danışaraq baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb.

Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verərək demişdir: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”.

Həmçinin, fevralın 8-də Ölkə başçısı cənab İlham Əliyevin başsağlığı vermək üçün müraciət etdiyi Türkiyə səfirinə “Biz bütün varlığımızla Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir" deyərək, Azərbaycan xalqının könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirdiyini diqqətə çatdırması, iki ölkə arasında təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələrinin mövcud olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi.

Ölkə başçısı Türkiyənin ölkəmizdəki səfirliyində olarkən onu da məlumat verdi ki, özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda texniki yardım göstərməyə başlamışlar: "Azərbaycanın ən böyük şirkəti SOCAR öz dəstəyini verməyə başlayıb. SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq".

Göründüyü kimi, Ölkə rəhbərinin tapşırığına əsasən, Azərbaycan dövləti zəlzələ baş verdikdən dərhal sonra Türkiyəyə hərtərəfli yardım göstərir. Fevralın 6-dan Azərbaycandan Türkiyəyə təyyarələr və avtomobil karvanları göndərilib. Ümumilikdə, faciə baş verdiyi dövrdən Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin yüzlərlə nəfərlik şəxsi heyəti, yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, xüsusi təyinatlı maşınlar, həmçinin, modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair materiallar zərərçəkmiş əhali üçün humanitar yardımı əhatə edir.

Eyni zamanda Azərbaycanda və dünyada genişmiqyaslı humanitar fəaliyyətlərlə yaddaqalan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yardım kampaniyası başladılıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin bizim kədərimiz olduğunu qeyd edib, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb. Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları və sair tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.

Türkiyənin ağır günlərində Azərbaycan xalqı da hər bir sahədə əlindən gələni əsirgəmir. Vətəndaşlarımız türkiyəli qardaşlarına maddi və mənəvi dəstək göstərmək üçün ilk gündən hərəkətə keçib. Hadisənin birinci günü evsiz qalmış insanlara dəstək üçün əhali tərəfindən müxtəlif yaş qruplarına uyğun olan paltarlar, yorğan, döşək və isidici avadanlıqları ilə dolu olan yük maşınları Türkiyəyə yola salınıb.

Beləliklə, “Əsrin faciəsi” adlanan və minlərlə insan tələfatı ilə müşayiət olunan 6 fevral zəlzələsi zamanı Türkiyə və Azərbaycan dövlətləri və xalqları ayrılmaz münasibətlərini bir daha nümayiş etdirdi və Azərbaycanın daim qardaş Türkiyənin yanında olacağını bütün dünya gördü.

Reyhan Ağayeva - Kimya və biologiya fakültəsinin dekanı, kimya üzrə fəlsəfə doktoru, dosent

 
 

Search