Previous Next

“Qarabağ və Şərqi Zəngəzurun aran ərazilərinin florasında problemlər və həlli yolları" adlı beynəlxalq konfrans keçirilib

17-18 sentyabr 2024-cü il tarixində AR Elm və Təhsil Nazirliyi, Botanika İnstitutu, Quraq Ərazilərdə Biomüxtəlifliyin Mühafizəsi İttifaqı (BCAA) və Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə AR ETN Botanika İnstitutunda COP29-a həsr olunmuş "Qarabağ və Şərqi Zəngəzurun aran ərazilərinin florasında problemlər və həlli yolları" adlı beynəlxalq konfrans keçirilib.

Tədbirin açılış mərasimində Çin Elmlər Akademiyasının Sincan, Ekologiya və Coğrafiya İnstitutunun baş direktoru, BCAA təsisçisi və prezidenti Prof. Zhang Yuanminq, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinin müdiri Mübariz Hacıbəyov, ADPU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov, Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva, dekan müavini dos. Bəsti Əsədova, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dos. Anaxanım Yusifova, ETN-nin Dendrologiya İnstitutu, A.İ.Qarayev adına Fiziologiya İnstitutu, Zoologiya İnstitutu, "Mərkəzi Nəbatat Bağı" publik hüquqi şəxsin nümayəndələri, yerli və beynəlxalq tədqiqatçı alimlər və mütəxəssislər iştirak ediblər. 

Əvvəlcə tədbir iştirakçıları institutun foyesində müəssisə alimlərinin elmi nailiyyətlərini əks etdirən sərgiyə baxış keçirib, Herbari Fondunda saxlanılan yerli və xarici floraya aid herbari nümunələrinin saxlanılma şəraiti ilə tanış olublar.

Tədbiri Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva açaraq konfrans iştirakçılarını salamlayıb. COP29-a həsr olunmuş “Qarabağ və Şərqi Zəngəzurun aran ərazilərinin florasında problemlər və həlli yolları" adlı beynəlxalq konfransın keçirilməsində məqsəd yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə iqlim dəyişmələri, onların ətraf mühitə təsiri məsələlərinin həlli üzrə beynəlxalq təcrübələri bölüşməkdir.

S.İbadullayeva “Qarabağın dünəni, bugünü və sabahı” mövzusunda çıxış edərək Qarabağ və Şərqi Zəngəzurda aparılan monitorinq və çöl-tədqiqat işlərinin nəticələri haqqında məlumat verib. Məruzəçi sözügedən ərazilərə dəyən ziyanın qiymətləndirilməsinə aydınlıq gətirib.

Daha sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəsmisi Mübariz Hacıbəyov çıxışında Botanika İnstitutunun yeni binaya köçürülməsi münasibətilə əməkdaşları təbrik edib, konfransın işinə uğurlar arzulayıb.  M.Hacıbəyov "Qarabağ və Şərqi Zəngəzurun aran ərazilərinin florasında problemlər və həlli yolları" adlı beynəlxalq konfransın keçirilməsinin COP29-a gedən yolda müəyyən edilmiş hədəflərə nail olmaq üçün həyata keçirilən təşəbbüslərdən biri  kimi qiymətləndirib.

Konfransın plenar hissəsində müxtəlif istiqamətlər üzrə yerli və xarici alimlərin təqdimatında məruzələr dinlənilib, geniş müzakirələr aparılıb.

Tədbirin davamında Azərbaycan Dövlət televiziyasında (AZTV) “Qarabağ və Şərqi Zəngəzurun aran ərazilərinin florasında problemlər və həlli yolları" adlı beynəlxalq konfransa həsr olunmuş dəyirmi masa keçirilib.

Sonda konfransın bəyannaməsi hazırlanıb və iştirakçılara sertifikatlar təqdim olunub.

Search