Previous Next

Kimya və biologiya fakültəsinin təşəbbüsü ilə “Ekoloji sivilizasiyanın astanasında:Yaşıl enerjiyə keçid” kitabının təqdimatı baş tutmuşdur

06.11.2024-cü il tarixində ADPU Kimya və biologiya fakültəsinin təşəbbüsü ilə BMT-nin İqlim Dəyişmələri üzrə Konfransının COP29-un keçirilməsi münasibətilə “Ekoloji sivilizasiyanın astanasında:Yaşıl enerjiyə keçid” adlı kitabın təqdimatı baş tutmuşdur. Tədbirdə kitabın müəllifləri Rusiya Prezident Akademiyasının professoru Nizami Məmmədov, akademik Yusif Məmmədəliyevin qızı, AMEA-nın müxbir üzvü, professor Sevda Məmmədəliyeva Universitetimizin qonağı olmuşlar. ADPU-nun rektoru professor Cəfər Cəfərov, Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva, dekan müavini dos. Bəsti Əsədova, dekan müavini dos. Kərim Quliyev qonaqları qarşılamış, onları Universitetin fəaliyyəti ilə tanış etmiş, Kimya bə biologiya fakültəsinin nəzdində yaradılan Y.Məmmədəliyev adına auditoriyanı ziyarət etmişlər. Daha sonra prof. Cəfər Cəfərov tədbiri açıq elan etmiş, bu il ölkəmizdə keçiriləcək COP29 tədbirinin əhəmiyyətindən, bu məqsədlə təhsil prosesində aparılan maarifləndirmə işlərindən söz açmışdır. Prof. Cəfər Cəfərov təqdim olunan kitabın günün qlobal ekoloji probləmlərinin araşdırılması və həlli yolunda əhatə etdiyi biliklərin vacibliyini vurğulamış, tədris prosesində də bu kitabdan dərs vəsaiti kimi istifadə olunmasını zəruriliyini qeyd etmişdir. Daha sonra prof. Nizami Məmmədov kitabın əhatə etdiyi məsələlər haqda geniş məlumat vermiş, bəşəriyyətin ekoloji təhlükəsiz inkişafa keçid yolunda olduğunu vurğulamış, energetika sahəsində yaşıl inqilabın reallaşdırılmasının ekoloji sivilizasiyanın formalaşmasında mühüm nəticələr verəcəyini qeyd etmişdir. Prof. Sevda Məmmədəliyeva atası akademik Y. Məmmədəliyevlə bağlı xatirələrini paylaşmış, Azərbaycan neft elmini dünya miqyasında təmsil edən akademik Y.Məmmədəliyevin yaşıl energetikanın inkişafına verdiyi tövhələri vurğulamışdır. Dövrünü təxminən, bir əsr qabaqlayaraq 1933-cü ildə Azərbaycanın neft qazlarından alternativ və ekoloji təmiz yanacaq kimi hidrogenin alınması və prosesin sənaye miqyasında tətbiqi onun bu istiqamətdə navator tədqiqatlarından biridir. Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva öz çıxışında göstərdiyi dəstəyə görə prof. Cəfər Cəfərova və qonaqlara təşəkkürünü bildirmişdir. Dos. Reyhan Ağayeva ölkəmizdə keçiriləcək COP29 tədbirlərinin önəmini vurğulayaraq, qlobal ekoloji problemlərin həllində bərpaolunan və yaşıl enerji layihəsinin Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcı olduğunu vurğulamış,  bu ideyaların illər əvvəl təməlini qoymuş akademik Y.Məmmədəliyevin tədqiqatlarının müasir dövrün tələbləri ilə uzlaşdırılmış şəkildə araşdırılmasının nəticəsi olan kitabı təqdirə layiq hesab etmişdir. Dekan müavini dos. Bəsti Əsədova Prezident İlham Əliyevin bu yolda imzaladığı sərəncam və müqavilələrdən, dövlətin enerji siyasətində etdiyi dəyişikliklərdən söz açmışdır. Kimya və biologiya fakültəsinin professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi tədbirdə dekan müavini dos. Kərim Quliyev, Analitik və üzvi kimya kafedrasının müdiri prof. Əli Zalov, Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının müdiri dos. Kəmalə İskəndərova, Analitik və üzvi kimya kafedrasının dosenti Hüsi İbrahimov çıxışlar etmişlər.

Search