27.04.2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Kimya və biologiya fakültəsinin təşəbbüsü ilə “Ulu öndər Heydər Əliyevin dünya siyasətinə təsiri” mövzusunda Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri institunun direktoru Vaqif Abbasovun elmi seminarı təşkil olunmuşdur. Seminarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru prof. C.Cəfərov, Kimya və biologiya fakültəsinin dekanı dos. R.Ağayeva, Tədris Departamentinin müdiri Sənan Əliyev, Riyaziyyat fakültəsinin dekanı Araz Fərəcov, pedaqoji heyyət və tələbələr iştirak etmişdilər. Tədbiri salamlama nitqi ilə açan Kimya və biologiya fakültəsinin dekanı dos. R.Ağayeva sözü akademik Vaqif Abbasova verdi. Akademik Vaqif Abbasov Ulu öndər Heydər Əliyevin dünya siyasətindən, Azərbaycanın çağdaş tarixinin milli intibah dövrünün onun adı ilə bağlı olduğunu, Ulu öndərin bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşdığını qeyd edərək, cəmiyyətin həyatında mühüm rolu olan elm və təhsil sahəsindəki islahatlardan ətraflı bəhs etdi.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru prof. C.Cəfərov və Kimya və biologiya fakültəsinin dekanı dos. R.Ağayeva akademik Vaqif Abbasova seminarda ətraflı çıxış etdiyinə görə dərin təşəkkürlərini bildirdilər. Sonda akademik Vaqif Abbasov müəllifi olduğu Ulu öndər Heydər Əliyevə ithaf etdiyi bir neçə kitabı universitetin kitabxanasına hədiyyə etdi.