Previous Next

Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə AR Elm və Təhsil Nazirliyi akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb

12.12.2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə AR Elm və Təhsil Nazirliyi akademik  M.Nağıyev adına  Kataliz və Qeyri-üzvi Kimya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu  ADPU-nun rektoru, professor Cəfər Cəfərov və Kataliz və Qeyri- üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev imzalayıblar. Qarşılıqlı əməkdaşlıq elmi-tədqiqat və kadr hazırlığı sahəsində maddi-texniki bazalardan və kadr potensialından birgə istifadə, tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, tələbə və magistrantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan bilik, bacarıq və vərdişlərin formalaşdırılması, kimya sahəsində elmi yeniliklərin tədris prosesində tətbiq edilməsi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi, birgə elmi tədqiqatların aparılması,  beynəlxalq və ölkə miqyaslı layihə və proqramlarda birgə iştirak, doktorant, magistrant və tələbələrin qarşılıqlı təcrübə keçməsinin təşkili, birgə elmi simpozium, seminar və konfransların təşkili, müvafiq ixtisas sahələri üzrə birgə elmi əsərlərin, çap edilməsi, monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin hazırlanması,  əldə olunan mühüm elmi nəticələrin müvafiq ixtisas və ixtisaslaşmalar üzrə tədris proqramlarına daxil edilməsi və digər məsələləri özündə ehtiva edir. ADPU-nun rektoru,prof. Cəfər Cəfərov ADPU-nun 100 illiyinə həsr olunmuş, universitetin tarixini və inkişaf yolunu əks etdirən kitabları İnstituta hədiyyə etmişdir. Eyni zamanda akademik Dilqəm Tağıyev məşhur kimyaçılar, institutun tarixi və tərəqqi yolu ilə bağlı kitabları prof. Cəfər Cəfərova hədiyyə etmişdir.

   Qeyd edək ki, imzalanma mərasimində ADPU Kimya və biologiya fakültəsinin dekanı, dos. Reyhan Ağayeva, dekan müavini dos. Bəsti Əsədova, Ümumi Kimya və KTT kafedrasının müdiri, dos. Kəmalə İskəndərova, Analitik və üzvi kimya kafedrasının müdiri, prof. Əli Zalov, Kataliz və Qeyri üzvi Kimya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, institutun elmi katibi, baş elmi işçi Mina Münşiyeva, laboratoriya müdiri prof.Akif Əliyev, institutun təhsil şöbəsinin müdiri, dos. Sevinc Məmmədova iştirak etmişlər.

Search