Previous Next

ADPU Kimya və biologiya fakültəsinin tələbələri “Piroqov” interaktiv cihazının təqdimatında və bilik yarışında iştirak ediblər

ADPU tələbələri AWWA -da (Aesthetic & Wellness World Academy) bilik yarışında iştirak ediblər. ADPU Kimya və biologiya fakültəsinin dekan müavini dos. Bəsti Əsədovanın rəhbərliyi ilə fakültənin tələbələri AWWA akademiyasında (Aesthetic & Wellness World Academy) qonaq olublar. Yarışdan öncə tələbələr “Piroqov” kompleksi ilə tanış olmuş, cihazın iş prinsipini öyrənmiş və yeni elmi biliklərə yiyələnmişlər. Piroqovun 3D kompleksi müasir dövrün artırılmış reallıqlardan istifadə tələbinə uyğun olaraq anatomiya fənninin elmi, interaktiv və əyləncəli formada tədrisini və öyrənilməsini reallaşdırır. 

Keçirilən 5 mərhələli yarışda tələbələr 2 komanda olaraq yarışmışlar. Yarışın münsiflər heyətində Birinci dərəcəli müşavirə diplomatik rütbəsinə malik Fikrət Paşayev, AWWA akademiyasının direktoru Validə Cəlilova, dekan müavini dos. Bəsti Əsədova, akademiyanın əməkdaşı Leyla Səlimova olmuşdur. Yarışın sonunda AWWA akademiyasının direktoru Validə Cəlilova fakültə rəhbərliyinə təşəkkür etmiş, dekan müavini dos. Bəsti Əsədovanı təltifnamə, yarışda iştirak edən tələbələri isə sertifikatla təltif etmişdir.

Search